SON XƏBƏRLƏR

Seyid Abbas Ərdəbilli Talış xanları qəbiləsinin banisi, Səfəvi sülaləsi və Peyğəmbər nəslindəndir [6].

Sеyid Abbasın atası Seyid Məhəmməd əslən Ərdəbilin Hir kəndindən idi. Onun atası maddı vəziyyyətinə görə, bütün ailəsi ilə birgə Ərdəbildən köçərək, indiki Xarxatan kəndində (Lənkəran rayonu) məskunlaşıb [1]. Seyid Abbasın bu kənddə yaşaması ilə bağlı Səidəli Kazımbəyoğlunun “Cavahirnameyi-Lənkəran” əsərində qeyd olunur: “Mir Abbas xan (Seyid Abbas) bu vilayətin xəlifəsi olmuşdur. O, Talışın Uluf mahalının Xarxatan kəndində yaşamışdır”. [5].

Tarixçi Mir Haşım Talışlı onun haqqında yazıb: “İranda baş verən qarışıqlıqlar zamanı Talışa gələn Seyid Abbas yerli feodallarla yaxınlıq etmiş, 1736-cı ildə Nadir şahın hakimiyyətini tanımış və sonralar oğlu Camalı (Qara xan) onun xidmətinə göndərmişdi. Nadir şah rəsmi Fərmanla Seyid Abbası Talışın nəsli hakimi elan etmişdi”. Akademik S.Qmelin Seyid Abbas haqqında deyib: “Onun hakimiyyəti altında olan ərazinin hüdudu çox böyük idi. Belə ki, Talış dağlarından başlayaraq, Muğana kimi geniş bir ərazini əhatə edirdi” [2].

Seyid Abbas 1749-сu ildə dünyasını dəyişib [3]. “Əxbarnamə” əsərində Sеyid Abbas haqqında qeyd olunub: “Müхtəsər, Sеyid Abbas bəy Ucarud, Dəştvənd və Uluf mahalından ibarət оlan Talış vilayətində iyirmi ilə kimi asudəliklə hakim оlduqdan sоnra vəfat еtmişdi” [1].

Yerli əhalinin dediklərinə görə, o, Lənkəran rayonunun Cil kəndində, Seyid Xəlifə ziyarətgahında dəfn edilib [4]. Lakin tarixçi Firudin Nurullabəyli-Əsədovun “Mir Mustafa xan” kitabında onun Ərdəbildə dəfn olunduğu qeyd olunub [3].

Ədəbiyyat: 

  1. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə 1855. Bakı-2009.
  2. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  3. Firudin Nurullabəyli-Əsədov. Mir Mustafa xan. Bakı-2007.
  4. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020
  5. http://zim.az/region/4466-xarxatan-lnkranin-seydlr-knd.html
  6. http://web.archive.org/web/20120117000734/http://www.karabakh-doc.azerall.info/ru/azerpeople/ap035.php