SON XƏBƏRLƏR

Xarxatan kəndi Lənkəran şəhərindən 18 km şimal-qərbdə, Lənkəran-Boradigah şose yolunda yerləşir [1]. Xarxatan talış dilində “Xəxərton” adlandırılır [2]. Kəndin adı XIX əsrdə Xortaqan kimi qeyd olunmuşdur [3].

Kəndin toponiminin izahı ilə bağlı bir neçə fikir mövcuddur. Bəzi məlumatlara görə, Xarxatan talış toponimidir. Xarxatan “xətoəton” sözündən götürülmüş, “ətrafı qorxulu yer olan məskən” mənasını verir. Buna səbəb isə buranın sıx ağacları olan meşələrlə əhatə olunmasıdır.

“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında kəndin adı ilə bağlı belə yazılır: “Ehtimal edilir ki, oykonim ХIII əsrdə Yaxın Şərqin, o cümlədən Cənubi Qafqazın işğallarında iştirak etmiş monqol tayfalarından olan xarlaqanların adı ilə bağlıdır. Güman olunur ki, Hülakülərin talış zonasına köçürdüyü monqol tayfaları içərisində xarlaqanlar da olmuşdur” [3].

Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu kəndin adı haqqında belə yazır: “Toponimin adı Xərqəltandır, fars dilində “yuvarlanan eşşək” və ya “batan eşşək” deməkdir” [1]. O, kəndin belə adlanmasını 1882-1883-cü illərdə fars dilində yazdığı “Əxbarnamə” kitabında bir hekayə ilə bağlayır. Orada deyilir ki, Talış xanları sülaləsinin banisi Seyid Abbasın atası Ərdəbildən gələrək Xarxatan kəndində dayanmışdır. Buna səbəb isə yolda onun eşşəyinin palçığa batmasıdır. O, eşşəyi palçıqdan çıxaranda artıq gecə olur və Xarxatan kəndində qalmalı olur. Beləliklə o, burada məskunlaşır. Seyid Abbasın Xarxatan kəndində yaşaması ilə bağlı tarixçi Səidəli Kazımbəyoğlunun  “Cavahirnameyi Lənkəran” kitabında məlumat verilir: “Mir Abbas xan (Seyid Abbas) bu vilayətin xəlifəsi olmuşdur. O, Talışın Uluf mahalının Xarxatan kəndində yaşamışdır…” [4].

Professor Məsud Məmmədovun fikrincə, Xarxatan “Xılxaton” sözündəndir, “göl, palçıqlı, bataqlı olan yer” mənasını verir. “Xıl” isə “çökək yer” deməkdir, yəni çökək yerdə yerləşən kənd [1].

Xartaxan kəndinin əhalisi əsasən çayçılıq və heyvandarlıq ilə məşğuldur. 2017-ci ilin statistik məlumatına görə, kənddə 2255 nəfər yaşayırdı [1].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. İldırım Şükürzadə. Lənkəran toponimləri. Bakı-2012.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
  4. Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.