Lənkəranda yaşayan 15 yaşlı yeniyetməyə işgəncə verməkdə təqsirləndirilən Günay Novruzovanın məhkəməsi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkən qadın ifadə verib.
O bildirib ki, Günay Novruzovaya ailə problemlərinin həlli üçün müraciət edib. Falçı ona problemlərini aradan qaldıracağını vəd edib, əvvəlcə 600 manat, daha sonra isə qızıl istəyib. Qadının sözlərinə görə, o, Novruzovaya ümumilikdə 15-16 min manatlıq qızıl verib.
Zərərçəkən hər dəfə falçının evinə gedəndə himayəsində olan yeniyetmənin üzündə cızıqlar və yaralar gördüyünü deyib. Uşaq isə hər dəfə bunları pişiyin cırmaqlaması ilə izah edib. Qadın həmçinin Novruzovanın kreslosunun yanında əl ağacı saxladığını və həmin ağacla pişikləri vurduğunu söylədiyini bildirib.
Xatırladaq ki, hadisə 2025-ci ilin sentyabrında üzə çıxıb. Həmin vaxt yeniyetmə və qardaşı Lənkəranda xalalarının qəyyumluğunda olub. Məişət zorakılığı barədə məlumatdan sonra hüquq-mühafizə orqanları müdaxilə edib, Günay Novruzovanın qəyyumluğuna xitam verilib və o, saxlanılıb.
Günay Novruzova işgəncə və dələduzluqda təqsirləndirilir. Növbəti məhkəmə prosesi noyabrın 4-də keçiriləcək.