Lənkəran şəhərinin Nizami küçəsində kanalizasiya sistemi bərbad vəziyyətdədir.
Cenublu.az-a müraciət edən sakinlərin sözlərinə görə, yağışlı mövsümün başlaması ilə vəziyyət daha da ağırlaşıb. Şəhərin mərkəzindəki bu ərazi Lənkəranın ətraf kəndlərindən xəstəxanaya, məktəbə və digər dövlət müəssisələrinə gələn insanların əsas keçid yoludur. Yağış sularının tullantı suları ilə qarışması nəticəsində küçədə dözülməz üfunət yaranır və hərəkət etmək çətinləşir.
Axşam saatlarında küçənin zəif işıqlandırılması da əlavə problemə çevrilir. Sakinlərin bildirdiyinə görə, işıqlandırmanın zəif olması səbəbindən nəqliyyat vasitələri tərəfindən küçə itlərinin və pişiklərin tez-tez vurulması halları baş verir.
Sakinlər aidiyyəti qurumlardan problemin həlli üçün operativ tədbirlər görülməsini tələb edirlər.