Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/9 ünvanında yerləşən yaşayış binasının sakinləri ağır şəraitdə yaşamaq məcburiyyətindədirlər.
Cenublu.az -a daxil olan şikayətə görə, binanın qarşısında asfalt örtüyü tamamilə bərbad vəziyyətdədir, xüsusilə yağışlı havalarda ərazi bataqlığa çevrilir, piyadaların hərəkəti mümkünsüz hala gəlir.
Sakinlərin bildirdiyinə görə, problemləri təkcə yollarla məhdudlaşmır. Binanın özü də artıq 2 ildir ki, qəzalı vəziyyətdədir və bu, orada yaşayan insanların təhlükəsizliyinə ciddi təhdid yaradır.
Müraciət edən sakinlər aidiyyəti qurumlardan ərazinin asfaltlanması, eləcə də binanın texniki baxışdan keçirilib təmir olunmasını və ya təhlükəli olduğu halda sakinlərin köçürülməsini tələb edirlər.