Astarada yol qəzası baş verib, 19 yaşlı sürücü xəsarət alıb.
Teleqraf.аz xəbər verir ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.
2006-cı il təvəllüdlü kənd sakini Tahin Ramin oğlu Dadaşov “Azsamand” markalı avtomobilin sükanı arxasında idarəetməni itirərək maşını yol kənarındakı dirəyə çırpıb.
Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Ona sol çiyin qurşağının küt travması və bədəndə çoxsaylı sıyrıntılar diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir.
T.Dadaşovun sözlərinə görə, qəza anında digər avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirməyib və onun idarə etdiyi nəqliyyat vasitəsini sıxışdırıb.
Faktla bağlı araşdırma aparılır.