İstisu Masallı şəhərindən 12 km aralıda, Dəmbəlova dağının ətəyində, Viləş çayının sahilində yerləşir. Bulağın suyu uzun əsrlərdir ki, çəkilmir, amma haradan qaynaqlandığı dəqiq məlum deyil.
Burada alim və həkim Mirkazım Aslanlı tərəfindən 1955-ci ildə elmi-tədqiqat işləri aparılıb. Alim müəyyən edib ki, bu suyun tərkibi hidrogen-sulfit, kalsium, natrium, xlor, hidrokarbon-maqnezium və yoddan ibarətdir.
Yerin 90-250 km dərinliyindən təxminən 69 dərəcə hərarətlə çıxan mineral su bir çox xəstəlikləri müalicə edir. Burada əsəb, yuxusuzluq, baş, oynaq, bel və boyun ağrıları, sonsuzluq, şəkərli diabet, arterial hipertoniya, dəri xəstəlikləri, osteoxondroz, onurğa xəstəlikləri, qan dövranının yaxşılaşdırılmasına nail olmaq mümkündür.
Viləş çayının sularında məskunlaşan “zirək” adlandırılmış kiçik balıqlar bu yerdə istirahət edənlərin bədənlərinin açıq yerlərini dişləyir. Hesab edilir ki, bu prosedurlar dəri xəstəliklərini müalicə edir.
2021-ci ildə Masallıda “İstisu” sənədli filminin təqdimatı olub.
1971-ci ildə bulağa ümumittifaq müalicə-kurort sanatoriyası statusu veriləndən sonra bu yerlər abadlaşdırılmağa başlanılıb. Hazırda burada “Fatimeyi-Zəhra” adlanan sanatoriya fəaliyyət göstərir.