Bu gün Azərbaycan teatr və kino aktyoru Fateh Möhsün oğlu Fətullayevin dünyaya gəldiyi gündür. O, 1909-cu il sentyabrın 1-i Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açıb.
Fateh ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub.
Fateh Fətullayev əsasən teatr aktyoru kimi fəaliyyət göstərsə də, müxtəlif filmlərdə də çəkilib. Onun ən məşhur rolları “Ögey ana” filmində “Arif”, “Bir məhəlləli iki oğlan”da “usta Əli”, “Qaraca qız” filmində isə “Hüseyn bəy” obrazlarıdır.
1932-ci ildə Fateh Fətullayev Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlayıb. 1933-cü ildə Fətullayev Dağıstanın Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrında işini davam etdirib. O, bir il sonra, 1934-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın truppasına daxil olub və burada on ilə yaxın aktyorluq edib. 1944-cü ildə Fateh Fətullayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ifaçi-solist kimi çıxış edib.
İncəsənət xadimi İlham Rəhimli aktyor haqqında belə yazıb: “Ailələrində hamının, o cümlədən Fatehin də gur və xoşagələn səsi vardı. O, Musiqili Komediya Teatrında xarakter və məsxərə surətlərini oynayırdı. Buna baxmayaraq aktyor istedadının bədii qəlibləri baxımından dramatik teatrın estetik prinsiplərinə yovuşumlu idi. Özü də bunu hiss edib 1946-cı ildə yenidən Akademik teatrın kollektivinə üz tutdu. Tərəddüdsüz truppaya daxil olan Fateh Fətullayev sənət ömrünü və həyat yolunu Milli Dram Teatrında başa vurdu”.
Fateh Fətullayev 4 may 1986-cı ildə Bakı şəhərində vəfat edib.