Bu gün Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfovun vəfatının ildönümüdür.
Baloğlan Xanoğlan oğlu Əşrəfov 8 oktyabr 1951-ci ildə Masallı rayonunun Bədəlan kəndində, müəllim ailəsində anadan olub.
O, ilk təhsilini Bədəlan kənd məktəbində alıb, eyni zamanda rayon musiqi məktəbində beşillik tar kursunu bitirib.
Baloğlan Əşrəfovun sözlərinə görə, o, yeddinci sinifdən toylara müğənni kimi gedib: “Tar kursunu bitirsəm də, qarmon çalırdım. Toyu mənimlə nağaraçalan idarə edirdi. Bizim toy aparmağımızı bəyənirdilər. Bütün kənd yaxşı oxuduğuma görə mənimlə fəxr edirdi”.
1978-ci ildə Əşrəfov Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilini sona çatdırıb və altı il rayon məktəbində müəllim işləyib.
Baloğlan Əşrəfov 1971-ci ildə Azərbaycan Radiosunun keçirdiyi “Turac təranələri” radio olimpiadasında qalib olub. 1974-cü ildə respublika festivalında qazandığı diplomu ona müğənni Şövkət Ələkbərova təqdim edib.
Əşrəfov bir müddət xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda solist kimi işləyib, həmin kollektivlə birgə Azərbaycanın şəhər və rayonlarında çıxış edib. O, Türkiyə, İraq, Almaniya və keçmiş SSRİ-nin müxtəlif şəhərlərində konsert proqramlarında iştirak edib.
Sənətkar 1989-cu ildə “Şəhriyar” ansamblını (“Azkonsert” birliyinin nəzdində) yaradıb. “Yuxuma gəl”, “Anam mənim”, “Tanrıdan diləyim ol” və s. diskləri buraxılıb.
Müğənni 2007-ci ildə “Azərbaycanın əməkdar artisti” fəxri adına layiq görülüb.
Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında koronavirus infeksiyasına yoluxduğundan vəfat edib. O, bir gün sonra Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında dəfn edilib.