Rusiya hökuməti “Ulyanovsk – Bakı – Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu təsdiqləyib.
Cənublu.az Reporta istinadən məlumat verir ki, Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix-in bildirdiyinə görə, “Rusiya Dəmir Yolları” tərəfindən təsdiqlənmiş bu marşrut “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizini təşkil edir.
Qubernatorun sözlərinə görə, qatarın işə salınması Azərbaycanın Baş Naziri Əli Əsədovla əldə edilən razılaşmaların, eləcə də Rusiyanın Bakıdakı səfirliyi, Ticarət Nümayəndəliyi və Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə mümkün olub.
A.Russkix, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələsinin müzakirə edildiyini qeyd edib. Dəhlizin dəmir yolu hissəsinin modernləşdirilməsi ilə ötürücülük qabiliyyətinin artırılması və yüklərin daşınma həcminin 15 milyon tondan 30 milyon tona çatdırılması nəzərdə tutulur. Bu razılaşma, yeni ticarət və logistika marşrutunun inkişafı üçün böyük perspektivlər açır.