Lənkəran rayon Göyşaban kəndinin sakinləri İnternet xidmətindən narazıdırlar.
Sözügedən kənddə yaşayan Hüseyn Abbasovun Cenublu.az-a ünvanladığı şikayətdə bildirilir ki, “internet xətti çəkildikdən sonra hər ay 1 həftə şəbəkə işləmir və modemdə qırmızı işıq yanır”.
Məktəb müəllimi olan H.Abbasov Göyşabanın internetlə təchizatına cavabdehlik daşıyan “Aztelekom” MMC internet provayderinin fəaliyyətindən gileylənərək deyib ki, ödənişi vaxtlı-vaxtında etsə də, internet verilmir və buna görə də, dərslərə qoşula bilmir. Bundan əlavə, bu vəziyyət nəinki onun evində, bütün kənddə belədir:
“Bu problem kəndin çox hissəsində müşahidə olunur, eləcə də bizim məhəlləmizin heç bir evində internet yoxdur”.
Müəllimin sözlərinə görə, o, dəfələrlə “Aztelekom”un qaynar xətti vasitəsilə problem barədə quruma müraciət ünvanlasa da, onunla əlaqə saxlanacağı söylənilib, lakin heç bir nəticə hasil olmayıb.
Məsələ ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətin Mətbuat xidmətinə sorğu ünvanlasaq da, qurumdan sualların cavablandırılmasından boyun qaçırılıb.