Lənkəranda dənizkənarı ərazilərdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyul tarixində verir.
Belə ki, keçirilən tədbirlər zamanı “Beluqa”, “Palm Beach”, “Aysberq”, “Yeddi bulaq” dənizkənarı istirahət mərkəzlərində sanitar-texniki normaların pozulması, çirkab suların kənara axması və ya sızması, zibil tullantılarının urnalardan kənara atılması və digər neqativ hallar aşkarlanıb.
Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Səfalı” istirahət mərkəzində məişət tullantılarının urnalardan kənara atılması halları müəyyən edilib. Aşkarlanan hallarla bağlı sözügedən obyektlərin məsul əməkdaşları barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, yoxlamalar Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə birgə aparılıb.