Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir neçə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Muğan kəndində qeydə alınıb. Kənd sakini Nurəli Niftullayev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyini aşırıb.
Qəza nəticəsində Muğan, Maşlıq və Söyüdlü kəndləri işıqsız qalıb.
Hadisə yerinə gələn aidiyyəti qurum əməkdaşları tərəfindən aşan dirək yenisi ilə əvəz olunub və kəndlərə elektrik enerjisinin verilməsi bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.