Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin kredit və nisyə ödənişləri ilə bağlı problemlər yaşaması zaman-zaman müzakirə obyekti olur. Bildirilir ki, xüsusilə, hərbi xidmətə yollanan şəxsin əvvəlcədən götürdüyü kredit və ya məhsula görə borcu qaldıqda, ödənişlərin davam etdirilməsi ailələr üçün çətinlik yarada bilər.
Hərbi xidmətə çağırılan şəxslərin kredit və digər borc öhdəlikləri ilə bağlı qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulub?
Hüquqşünas Ellada Bayramova deyib ki, belə hallarda əsas məsələ ödənişlərin təxirə salınması və borc öhdəliklərinin icrası ilə bağlı mövcud hüquqi imkanlardır:
"Konstitusiyanın 76-cı maddəsinə əsasən, Vətənin müdafiəsi hər bir vətəndaşın borcudur. Mülki Məcəlləyə əsasən, borcalan müqavilədə müəyyən edilmiş müddətlərdə borcunu qaytarmalı və nəzərdə tutulan ödənişləri həyata keçirməlidir. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin bütün kredit ödənişlərinin xidmət başa çatanadək avtomatik dayandırılmasını nəzərdə tutan ümumi hüquqi qaydanın mövcudluğu təsdiqlənmir. Amma hərbi xidmətə çağırılan şəxslər kredit ödənişlərinin təxirə salınması, şərtlərinin dəyişdirilməsi üçün banka və ya digər kreditora müraciət edə bilərlər. Onlar əsas borcun ödənişinə möhlət verilməsini, kredit müddətinin uzadılmasını, aylıq ödənişlərin azaldılmasını və ya borcun restrukturizasiyasını xahiş etməlidirlər. Bu güzəştlər, bir qayda olaraq, kreditorun razılığı və tərəflər arasında müvafiq razılaşma əsasında tətbiq olunur".
Hüquqşünas bildirib ki, diqqət yetirilməli məsələlərdən biri də faizlərin və gecikmə ilə bağlı ödənişlərin hesablanmasıdır:
"Hərbi xidmətdə olmaq özlüyündə bütün faiz və cərimələrin qanunsuz hesablanması üçün əsas sayılmır. Bütün borc növlərinə eyni hüquqi rejim tətbiq olunmur. Bank kreditləri, ipoteka öhdəlikləri, fiziki şəxslərdən alınmış borclar, istehlak kreditləri və digər müqavilə öhdəlikləri müvafiq müqavilələrin, qanunvericiliyin tələbləri nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir. Borcalanın ailə üzvləri də yalnız qohumluq münasibətinə görə onun kredit borcuna görə avtomatik məsuliyyət daşımırlar. Belə məsuliyyət zaminlik, birgə borcalanlıq və ya digər qanuni əsaslar olduqda yaranır".
Mənbə: globalinfo.аz