Cəlilabad rayonunda yerləşən "Zəvvar" ovçuluq təsərrüfatında güclü yanğın baş verib.
Cenublu.az xəbər verir ki, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsində, magistral yolun kənarında yerləşən ərazidə müşahidə olunur.
Hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, "Kiçik Zəvvar" ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsinin payız və qış aylarında yağıntılar nəticəsində su altında qalması yanğınsöndürənlərin hərəkətini və yanğına müdaxiləni çətinləşdirir.
Yanğının başvermə səbəbi və əhatə etdiyi ərazinin sahəsi barədə hələlik rəsmi məlumat verilməyib.