Cəlilabad rayonu, Maşlıq kənd tam orta məktəbi dağılmaq üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində verir.
Sakinlərin sözlərinə görə, kəndin məktəbi qəzalı vəziyyətdədir.
“Tavan da, döşəmə də yararsız hala düşüb. Bina hər an uçma təhlükəsi ilə üz-üzədir. İçərisində məktəbi ayaqda saxlayan dəmir dirəklər qoyulub. Onlar olmasaydı, bəlkə də çoxdan uçmuşdu. Əksər valideynlər uşaqlarını başqa kənd məktəbinə göndərirlər. Çünki qorxurlar ki, məktəb uçar, uşaqlar tikilinin altında qalarlar. Məsələ bir neçə dəfə işıqlandırılsa da, aidiyyəti qurumlar hələ də problemi həll etmək yolunda addım atmayıblar. Deyilənə görə, qeydiyyata alınıb, plana salınıb. Amma bu sözü illərdir ki, eşidirik. Bu vəziyyətdə belə ora uşaqlar gedib-gəliblər. Bir hadisə baş versə, görəsən, kim cavab verəcək?” – deyə kənd sakinləri bildiriblər.