Lənkəran rayonunun Osaküçə–Sinovli kənd yolu bərbad vəziyyətdədir. Yağış suları asfaltı dağıdıb, yolda gölməçələr və dərin çatlar yaranıb.
Sakinlərin apa.az-a verdiyi məlumata görə, yola sonuncu dəfə təxminən 50 il əvvəl asfalt çəkilib, bu günə kimi yalnız cari təmir aparılıb - o da yerli əhalinin öz hesabına.
Yolun vəziyyəti şagirdlərin məktəbə gediş-gəlişini, eləcə də marşrutların fəaliyyətini çətinləşdirir. Sürücülər tez-tez maşınlarının sıradan çıxdığını, marşrutlarda gecikmələrin yaşandığını deyirlər. Kənd sakinləri yolların həm turizm, həm də sahibkarlıq imkanlarına mane olduğunu vurğulayırlar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Sinovlu kəndinə gedən yolun yenidən qurulması Dövlət Proqramına daxil edilib və layihə üzrə sənədləşmə aparılır. Maliyyə ayrıldıqca yolun mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur.