Biləsuvar şəhərinin mərkəzində yerləşən və Heydər Əliyev prospektinə birbaşa çıxışı olan Fikrət Əmirov və Qara Qarayev küçələrinin yol problemi illərdir davam edir.
Sakinlərin Cenublu.az-a verdikləri məlumata görə, bu küçələr uzun illərdir nə asfalt, nə də qum-çınqıl örtüyü görüb.
Sovet dövründən bəri baxımsız qalan küçələr yalnız mərhum memar Faiq Qürbətovun dövründə qum-çınqılla təmin edilib. Ardınca isə ətrafdakı bütün küçələr abadlaşdırılsa da, bu ikisi yenidən diqqətdən kənarda qalıb.
Ötən il bu küçələrin asfaltlanması planlaşdırılsa da, tenderə heç bir podratçı müraciət etmədiyindən ayrılmış vəsait büdcəyə qaytarılıb. Nəticədə, təxminən 500-600 metrlik bu yolların sakinləri hələ də palçıq və keçilməz sədlərlə üz-üzə qalıb.
Sakinlər bildirir ki, dəfələrlə məsələ gündəmə gətirilsə də, bu çağırışlar bəzən haqsız tənqid kimi qarşılanır. Halbuki, mərkəzdə yerləşən və görkəmli musiqi xadimlərinin adını daşıyan küçələrin belə vəziyyətdə qalması haqlı narazılıq doğurur.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan ciddi addımlar atılmasını gözləyir.