Lənkəranın mərkəzi küçəsində ölümlə nəticələnən qəza baş verib. Bu haqda bu gün, 30 avqust tarixində Cenublu.az xəbər verir.
Hadisə şəhərin Nizami ilə Tağıyev küçələrinin kəsişməsində qeydə alınıb. “Opel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, digər sürücü və sərnişinlər ağır xəsarətlər alıblar.
“Opel” markalı avtomobilin sürücüsü, 54 yaşlı Lənkəran rayonunun Şovu kənd sakini Natiq Rüstəmov hadisə yerində dünyasını dəyişib. “VAZ-2107” sürücüsü, Lənkəran şəhər sakini 21 yaşlı Əli Rufullazadə və sərnişinlər - 22 yaşlı Abbas Quluzadə və 24 yaşlı Ülvi Bayramzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Ülvi Bayramzadənin vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.