Qurudərə kurqanı Cəlilabad rayonunun Uzuntəpə və Maşlıq kəndləri arasında yerləşir [1]. Kurqan e.ə. IV minilliyə aid edilir [3].
2003-cü ildə Qurudərə kurqanında təsərrüfat işləri aparılarkən qəbir aşkar edilib. Bu barədə tarixçi və tədqiqatçı Rəşid Əsgərova məlumat verilib. Tədqiqatçı həmin zaman əraziyə gələrək, buraya baxış keçirib. Aşkar edilən qəbir konus formasındadır və qırmızı kərpiclə hörülmüşdür.
Rəşid Əsgərovun fikrinə görə, Qurudərə kurqanı panteon (görkəmli adamların sərdabəsi, məzarlığı) tipli məzarlıqdır. Ehtimal olunur ki, cəsədlər yandırılmış, sonra isə onun içərisinə dəniz qumu və çay daşı tökülmüş, üst hissədə isə atların meyitləri qoyularaq, qəbir torpaqla örtülərək, kurqan şəklinə salınmışdır. Bu cür kurqanlar, əsasən, tunc və dəmir dövrünə aid edilir. Həmin qəbirə oxşar kurqanlarda, adətən, tayfa başçıları basdırılırdı. Qurudərə kurqanının ərazisində vaxtilə massagetlər, skiflər və digər tayfalar yaşayıb.
Qurudərə kurqanından daş bıçaqlar, ox ucluqları, qoç və maral fiqurları, boyunbağı və digər maddi-mədəniyyət nümunələri aşkar edilib. Hazırda bu əşyalar Cəlilabad Tarix Diyarşünaslıq muzeyində qorunur. Bu nümunələrin içində ən maraqlısı - tayfa başçısının talismanı olmuş, üzərində canavar və ya it təsviri olan şəbəkədir [1]. İt qəbilənin və odun qoruyucusu olduğundan müqəddəs sayılır. Bu da atəşpərəstliyin həmin ərazilərdə geniş fəaliyyətindən xəbər verir [2].
1990-cı illərdə Qurudərə ərazisindən tapılan küpdən boyunbağı çıxmışdır. Boyunbağı mil üstündə xoruz təsviri, sikkə, lazurit muncuqlarla bəzədilmişdir [3].
Qurudərə kurqanı ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir [4].
Ədəbiyyat: