Rüstəm Orucov və Orxan Səfərov bu gün master-klas üçün İngiltərəyə yola düşəcəklər. Bu haqda məlumatı Cenublu.az 9 aprel tarixində verir.
“Judospace” təşkilatının dəstəyi ilə baş tutacaq səfər çərçivəsində onlar cüdo klubları və cüdo akademiyasında rəsmilərlə görüş keçirib sessiyalarda iştirak edəcəklər.
Olimpiya mükafatçısı Rüstəm Orucov və bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısı Orxan Səfərov aprelin 13-14-də “Sport Wales” Milli Mərkəzində və “Camberley” Cüdo Klubunda master-klas keçirəcəklər. Onlar uşaqlar və böyüklər üçün ustad dərsi təşkil etməyə və təcrübələrini bölüşməyə hazırlaşırlar. Onlar həm də yaşlı şəxslər üçün təşkil olunacaq “Safe Falls” sessiyasında da iştirak edəcəklər.
İdmançılarımız, həmçinin Böyük Britaniyada cüdo klublarının fəaliyyəti ilə tanış olaraq öyrəndikləri təcrübələri öz klublarında tətbiq etməyə çalışacaqlar.
Qeyd edək ki, Avropa çempionu olan Orxan Səfərov 1991-ci ildə Lənkəranda anadan olub.