Oktyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada beşinci dəfə dünya çempionu olan yunan-Roma güləşçisi Eldəniz Əzizli Azərbaycan idman tarixində yeni rekorda imza atıb.
34 yaşlı idmançı 55 kq çəki dərəcəsinin finalında iranlı Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək ölkəmizin ən titullu güləşçisi statusunu daha da möhkəmləndirib.
Bəs Beyləqanda dünyaya gələn və ilk addımlarını burada atan Eldəniz Əzizlinin həyatı haqqında nələri bilirik?
Onun karyerasından və şəxsi həyatından 10 maraqlı faktı təqdim edirik.
1. Beyləqanda doğulub, uşaqlığı burada keçib
Eldəniz Yəmən oğlu Əzizli 1992-ci il aprelin 20-də Beyləqan rayonunda anadan olub.
Güləşçinin idmana gedən yolu da məhz doğma rayonundan başlayıb. O, 2006-cı ilədək Beyləqanda məşq edib, daha sonra ölkə çempionatındakı nəticələrinə görə milli komandaya dəvət alıb.
2. Məktəbin yanındakı idman zalı həyatını dəyişib
Eldəniz Əzizlinin güləşçi olmaq qərarında təsadüfün də rolu var.
Onun oxuduğu məktəbin yaxınlığında güləş zalı açılıb. Balaca Eldəniz hər gün dərsdən sonra özündən böyük uşaqların həmin zala getdiyini görüb.
Nəhayət, atasından onu da məşqlərə yazdırmasını xahiş edib.
Beləliklə, 1999-cu ildə, cəmi 7 yaşında güləşlə məşğul olmağa başlayıb.
3. Əslində, karyerasına sərbəst güləşlə başlayıb
Bu faktı çoxları bilmir. Bu gün dünyanın ən güclü yunan-Roma güləşçilərindən biri sayılan Əzizli əvvəlcə sərbəst güləşlə məşğul olub.
Sonradan atasının xalası oğlu olan məşqçisi yunan-Roma güləşi üzrə ayrıca zal açıb və Eldəniz həmin idman növünə keçib.
Maraqlıdır ki, o, hələ 1999-cu ildə iştirak etdiyi ilk yarışda — Beyləqan birinciliyində çempion olub.
4. İlk Avropa çempionluğunu rəqiblərinə xal vermədən qazanıb
Eldəniz Əzizlinin ilk böyük beynəlxalq uğuru 2007-ci ilə təsadüf edir.
O, yeniyetmələr arasında Avropa çempionatında bütün rəqiblərinə qalib gəlib və bir dəfə də olsun üz-üzə gəldiyi opponentlərinə xal qazandırmadan qızıl medala sahib çıxıb.
Bu uğur təsadüfi olmayıb. Əzizli 2008 və 2009-cu illərdə də yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.
Daha sonra 2010-cu ildə gənclər arasında həm Avropa, həm də dünya çempionu olub. 2012-ci ildə isə gənclərin dünya çempionatında yenidən qızıl medala sahib çıxıb.
5. Bir vaxtlar kumiri olan Rövşən Bayramov sonradan rəqibinə çevrilib
Eldəniz Əzizli yeniyetməlik illərində ikiqat olimpiya mükafatçısı Rövşən Bayramovu özünə nümunə seçib.
Bayramovun 2007 və 2008-ci illərdə Avropa çempionu olması gənc güləşçini xüsusilə ruhlandırıb.
Lakin illər keçdikcə onlar eyni çəki dərəcəsində mübarizə aparmalı olublar.
Əzizli sonradan etiraf edib ki, Rövşən Bayramovun yığmadakı güclü mövqeyi onun olimpiya yarışlarında iştirak etmək imkanlarına da təsir göstərib.
6. Karyerasında elə dövr olub ki, yunan-Roma güləşindən ayrılmaq istəyib
2015-ci ildə Əzizli məşqçilərdən biri ilə yaşadığı fikir ayrılığından sonra yenidən sərbəst güləşə keçmək qərarına gəlib.
Hətta sərbəst güləş üzrə Azərbaycan çempionatında iştirak edərək yarımfinala qədər irəliləyib.
Ancaq həmin dövrdə məşqçi Şaban Donat ona 23 yaşadək güləşçilər arasında Avropa çempionatında yunan-Roma güləşi üzrə iştirak etməyi təklif edib.
Əzizli bu yarışda bürünc medal qazanıb və nəticədə yunan-Roma güləşinə qayıdıb.
Bir neçə il sonra isə bu növdə dünya çempionu olub.
7. Dünya çempionluğunu zədə ilə də qazanıb
Eldəniz Əzizlinin 2023-cü ildə Belqradda əldə etdiyi dünya çempionluğu xüsusilə çətin şəraitdə qazanılıb.
Həmin turnirdən sonra verdiyi müsahibədə idmançı sinə nahiyəsində sınıq olduğunu açıqlayıb.
Buna baxmayaraq, yarışa yüksək səviyyədə hazırlaşdığını və özünü karyerasının ən yaxşı formasında hiss etdiyini söyləyib.
Nəticədə bütün çətinlikləri geridə qoyaraq üçüncü dəfə dünya çempionu adını qazanıb.
8. Beşinci dünya çempionluğu həm də bir illik revanşın nəticəsidir
Eldəniz Əzizli ilk dəfə 2018-ci ildə dünya çempionu olub. Daha sonra 2022, 2023 və 2024-cü illərdə bu uğurunu təkrarlayıb.
2024-cü ildə dördüncü qızıl medalı qazanaraq Azərbaycan güləşi tarixində rekord müəyyənləşdirib.
Lakin 2025-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinalda iranlı Pəyam Əhmədiyə məğlub olaraq bürünc medalla kifayətlənib.
Bir il sonra Astanada onların yolları yenidən kəsişib. Bu dəfə finaldakı qarşılaşmadan qalib ayrılan Əzizli olub — 3:1.
Beləliklə, beşinci dünya çempionluğu onun üçün həm də ötənilki məğlubiyyətin revanşı olub.
9. Beşqat dünya çempionudur, amma Olimpiya Oyunlarında medal qazanmayıb
Əzizlinin karyerasının ən maraqlı və müəyyən qədər təəssüf doğuran məqamlarından biri budur.
Onun əsas uğurlarını qazandığı 55 kq çəki dərəcəsi hazırda olimpiya proqramına daxil deyil.
İdmançı 2024-cü ildə verdiyi müsahibədə seçim qarşısında qaldığını açıqlayıb: ya çəkisini dəyişərək 60 kq-da Paris Olimpiadasına qatılmağa çalışmalı, ya da 55 kq-da dünya çempionluğu rekordunu yeniləməli idi.
O, ikinci yolu seçib.
Əzizli olimpiya medalının hər idmançı üçün xüsusi əhəmiyyət daşıdığını bildirsə də, yaş artdıqca daha ağır çəkiyə keçməyin çətin olduğunu vurğulayıb.
10. Övladlarının peşəkar güləşçi olmasını istəmir
Dünya güləşində rekordlara imza atan Eldəniz Əzizli öz övladlarının da onun yolunu davam etdirməsinə həvəsli deyil.
İdmançının iki qızı və bir oğlu var.
O, müsahibələrinin birində oğlunun sağlamlığı üçün idman zalına getdiyini, lakin onun peşəkar idmançı olmasını istəmədiyini bildirib.
Səbəb isə peşəkar güləşin nə qədər ağır və riskli olduğunu şəxsən bilməsidir.
Əzizlinin fikrincə, peşəkar idman insanı böyük zirvələrə qaldıra bildiyi kimi, ciddi məğlubiyyətlərlə də üzləşdirə bilər.
Beşinci qızıldan sonra nə olacaq?
Eldəniz Əzizli 2026-cı ilin əvvəlində növbəti dünya çempionatından sonra karyerasını başa vurmaq istədiyini açıqlamışdı.
Astanada arzuladığı beşinci qızıl medalı qazandıqdan sonra isə yekun qərarı şəxsi məşqçisi və Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə məsləhətləşərək verəcəyini bildirib.
İdmançının gələcəklə bağlı başqa bir arzusu da var: öz adını daşıyan güləş məktəbinin yaradılması və topladığı təcrübənin gənc nəslə ötürülməsi.
Astanada mükafatlandırma mərasimində Azərbaycan himni səslənərkən kövrələn çempion Beyləqandan Bakıya gəldiyi günləri, məşqlərini, çətinliklərini və məğlubiyyətlərini xatırladığını deyib.
Beyləqanda məktəbin yanındakı kiçik idman zalından başlayan yol onu dünyanın beşqat çempionu zirvəsinə gətirib.