Cəlilabad rayonu Göytəpə şəhərinin Baş planının təqdimatı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində Report-a istinadən verir.
Tədbirdə Cəlilabad rayonunda 2 şəhər, 118 kənd olduğu və Göytəpəyə 1976-cı ildə şəhər statusunun verildiyi bildirilib. Qeyd olunub ki, Göytəpə şəhərində görüləcək hər bir iş Baş plana uyğun olaraq həyata keçiriləcək. Sosial, iqtisadi və demoqrafik quruluş çərçivəsində şəhərin regional yerləşməsi və əlaqələri, əhalisi, iqtisadi və sosial strukturu şəhərin Baş planını hazırlayarkən araşdırılır və son nəticədə gələcək regional rol, əhali və iqtisadi struktur planlaşdırma üçün əsas kimi müəyyən edilir.
Təqdimatda icra başçısının birinci müavini, aparat əməkdaşları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və Ərazinin inkişaf şöbəsi müdirinin müavini və Baş planı hazırlayan şirkətin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, şəhərin Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən, dövlət büdcəsi hesabına işlənilib.