Lənkəranın Hirkan qəsəbəsində uzunluğu 110, eni 4 metr olan yol 20 ilə yaxındır ki, qapadılıb. Bu barədə İctimai TV məlumat verir.
Sakinlərin sözlərinə görə, bu problemə görə onlar hər gün evlərinə 2 km əlavə yol qət etməli olurlar.
Sakin Faiq Hüseynov iddia edir ki, adıçəkilən ərazidə yolun mövcud olmasını rəsmi sənədlər də təsdiq edir:
“Reyestr xidmətinin verdiyi 10 saylı dövlət aktına əsasən, bu ərazi ümumi istifadədə olan torpaq sahəsidir. Yəni əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulan yoldur. Eni 4 metr, uzunluğu 110 metr. Amma bələdiyyə şifahi olaraq bu yolun ümumi olmadığını və şəxsi mülkiyyət olduğunu iddia edir.”
Sakinlər bununla bağlı dəfələrlə yerli bələdiyyəyə müraciət etsələr də məsələ həllini tapmayıb.
Qurumdan şifahi olaraq bildirilib ki, Faiq Hüseynovun rəsmi sənəddə iddia etdiyi ərazi ümumi istifadə üçün nəzərdə tutulmuş su kanalıdır. Qalan torpaq sahələri isə torpaq islahatı çərçivəsində verilmiş pay torpağıdır.
Sakinlərin isə bu faktı qəbul etmədikləri üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmır.