Dekabrın 15-də saat 18 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində A.Şammədliyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Zəfər Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a verilən məlumata görə, araşdırma aparılır.
Xatırladaq ki, ötən gün Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-21011" markalı minik maşını toqquşub, nəticədə birinci idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları yaralanıblar.
Yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib. Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cü qardaşı həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salaraq ona bıçaqla hücum edib.
Nəticədə köməyə gələn sürücü qol nahiyəsindən bıçaq yarası alıb.