Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam edir. Bu çərçivədə Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində yeni içməli su layihəsinin açılışı baş tutub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, layihə çərçivəsində hər iki kənddə mərkəzləşdirilmiş su təchizatı sistemi yaradılıb. Mollavazlıda 7 km, Bəylər kəndində isə 4 km uzunluğunda yeni su şəbəkəsi inşa olunub. Nəticədə abonent sayı Mollavazlıda 350-yə, Bəylərdə 296-ya çatdırılıb. Bütün abonentlər su sayğacları ilə təmin edilib.
Ümumilikdə 3790 nəfər sakin dayanıqlı içməli su ilə təmin olunub.
Agentlik bildirir ki, bölgədə su təminatı ilə bağlı geniş layihələr növbəti illərdə də davam etdiriləcək. 2026-cı ildə Əlisoltanlı və Potubəyli kəndlərində su şəbəkəsinin quraşdırılması, 2026–2027-ci illərdə isə Nabat və Çolpı kəndlərinin su təchizatı sisteminin tikintisi planlaşdırılır.