Lənkəranda kişi mağazasını şikayət edən həmkəndlisini bıçaqlayaraq öldürüb.
Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Esmira Məmmədovanın sədrliyi ilə keçirilib.
Belə ki, 1983-cü il təvəllüdlü Bəhruz Qarayev (ad şərtidir) Lənkəran rayonunda anadan olub. O, Lənkəran rayonunda özünə məxsus ərzaq mağazasında işləyib. 2022-ci ilin dekabr ayından tanışı Zülfüqar Cəfərzadə (ad şərtidir) onun işlətdiyi mağazadan müxtəlif dövlət qurumlarına eyni məzmunlu şikayətlər edib. Bəhruz bununla bağlı Zülfüqarla söhbət edərək, ondan işlətdiyi mağaza ilə bağlı şikayətlər etməməsini istəyib. Zülfüqar isə şikayətlərini yalnız aylıq pul və torpaq sahəsi ilə təmin olunması müqabilində dayandıracağını deyib. Bəhruz bu təklifi rədd etdikdən sonra Zülfüqar daha da əsəbiləşərək şikayətlərini artırıb. Bundan bezən Bəhruz onu öldürmək qərarına gəlib.
Bu məqsədlə 2023-cü ilin dekabrın 21-i özünə məxsus “Ford Transit” markalı avtomobillə Zülfüqar Cəfərzadənin işlədiyi yerə gedib. Üzərindəki bıçaqla Zülfüqarı bıçaqlayaraq öldürüb.
Bəhruz Qarayev Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Bəhruz Qarayev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib:
“2013-cü ildən Lənkəran rayonunda yerləşən mağazanı işlədirəm. Bu müddətdə heç kimlə ədavətim və ya düşmənçiliyim olmayıb. Zülfüqarla da münaqişəmiz 2021-ci ildə başladı. Həmin il gecə saat 12 radələrində mağazanı təmizlədiyim vaxt Zülfüqarın balaca qardaşı Elçin üç nəfərlə birlikdə mağazaya girdi. Hərəsi bir “Bizon” içkisi götürüb içdilər. Elçindən həmin içkilərin pulunu verməsini istəyəndə, “mən belə şeylərə pul vermirəm” dedi. Bir qədər mübahisədən sonra Elçin içkilərin pulunu verib getdi və gedərkən mənim başıma oyun açacağını dedi. Zülfüqarın özünə və ailəsinə aylıq kömək edirdim. Amma bunu dayandırdım. O başladı məndən müxtəlif qurumlara şikayət etməyə. Artıq dözə bilmirdim. Bir gün axşam evə gedəndə yolda Zülfüqarı görüb ona yalvardım ki, məndən əl çəksin. O da dayanmadı, mən də öldürdüm. Başqa yol buraxmadılar mənə”.
Daha sonra məhkəmədə həm şahid, həm də zərərçəkmişin hüquqi varisi qismində oğlu Elvin Cəfərzadə (ad şərtidir) zalda ifadə verməkdən imtina edib. Onun ibtidai istintaqdakı ifadəsi elan edilib:
“Atamın və ya ailə üzvlərimin heç kimlə ədavəti olmayıb. Hadisə günü səhər işə getdim. Atam axşam tərəfi mənə zəng edərək hal-əhvalımı soruşduqdan sonra Bəhruzun böyük qardaşının ona zəng etdiyini dedi. Amma sözünün ardını gətirmədən əlaqəni kəsdi. Bir dəqiqə sonra atamın nömrəsindən mənə zəng gəldi. Zəngə cavab verdikdə tanımadığım şəxsin həyəcanlı şəkildə talış dilində “sal maşına” deyə bir neçə dəfə səsləndiyini eşitdim. Nə qədər telefonda atamı səsləsəm də, cavab verilmədi.
Bəhruzun atamı niyə öldürdüyünü bilmirəm. 2023-cü ilin noyabr ayınadək həmin mağazadan bazarlıq etmişəm. Sadəcə noyabrda xarab mal əldə etdiyim üçün bütün dövlət qurumlarına şikayətlər yazmağa başladım. Atamı öldürdüyü üçün onunla barışmamışam, ən ağır cəza verilməsini istəyirəm”.
Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Bəhruz Qarayev cinayət üzrə təqsirli bilinib.
Sonda məhkəmənin qərarı ilə Bəhruz Qarayev 10 il azadlıqdan məhrum edilib.
Fidan İlqar