Şirvan Apellyasiya Məhkəməsində Masallıda həmkəndlisini döyməkdə təqsirləndirilən Mahir Yusifovun işi üzrə qərar elan olunub.
Hadisə Masallının Çaxırlı kəndindəki çayxanada baş verib. Sərxoş vəziyyətdə çayxanaya gələn Mahir Yusifov söyüş söyərək ictimai qaydanı pozub. Daha sonra masada əyləşən həmkəndlisi İslam Tahirova yaxınlaşaraq bıçağın qatlanmış sapı və yumruğu ilə onun üz nahiyəsinə bir neçə dəfə zərbə endirib.
Nəticədə zərərçəkmişin üzündə, dodağında və göz ətrafında xəsarətlər, qançırlar və şişkinlik yaranıb. Məhkəmə-tibbi ekspertizası bu xəsarətləri sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirib.
Masallı Rayon Məhkəməsi Mahir Yusifovu 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Hökmdən narazı qalan zərərçəkmiş tərəfin apellyasiya şikayəti isə təmin edilməyib.
Mənbə: pravda.аz