Qədim adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla insanlar daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Cənub bölgəsində bu çərşənbədə insanlar odun yanında yığışıb talış dilində mahnılar oxuyar, uşaqlar isə şeirlər deyərlər. Talışların qədim adətlərinə əsasən, tonqaldan qalan közdə “bıştə” (talış dilində yayda becərilən dənli bitkilərdən olan mərci, boranı tumu, noxud və s.) qovrularaq, qonaqlara təqdim edilir.
Bu gün evin içərisində olan ocağın üstü boş olmamalıdır. İnanclara görə, Od çərşənbəsində tonqal yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.