Sabirabad rayonunun Zalqaraağac və Çöl Beşdəli kəndlərində sakinlər uzun illərdir təbii qaz təminatından məhrumdurlar.
Cenublu.az xəbər verir ki, kənd əhalisi hər qış eyni problemlə üzləşir, evlərini isitmək üçün odun və təzək yandırmağa məcbur qalır.
Vəziyyət o həddə çatıb ki, bəzi sakinlər illərlə qulluq etdikləri meyvə ağaclarını belə kəsərək yanacaq kimi istifadə edirlər. Təbii qazın olmaması elektrik enerjisi sərfiyyatını da artırır. Propan qaz balonlarını doldurmaq üçün isə rayon mərkəzinə deyil, daha yaxın olduğu üçün Şirvan şəhərinə getməli olurlar.
Vətəndaşlar aidiyyəti qurumlardan kəndlərin nə zaman qazlaşdırılacağına aydınlıq gətirilməsini və problemin həlli istiqamətində real addımlar atılmasını istəyirlər.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, Azərbaycan Respublikası ərazisində yaşayış məntəqələrinin qazlaşdırılması "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər planına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.