Bu gün Vətən müharibəsi şəhidi, mayor Nazim Hüseynovun doğum günüdür.
Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhməntəpə qəsəbəsində anadan olub. Ömrünün 24 ilini hərbi xidmətə həsr edib. 1997-ci ildə Pakistan İslam Hərbi Ali Komandirlər Məktəbində təhsil alan ilk azərbaycanlı olub, xüsusi təyinatlıların kursunu bitirib. Müxtəlif ölkələrdə keçirilən 18 NATO təlimində iştirak edib.
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nazim Hüseynov 2020-ci ildə yenidən hərbi xidmətə qayıdıb. Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində döyüşüb.
Mayor Nazim Hüseynov 2020-ci il oktyabrın 8-də Füzuli-Hadrut yolunda gedən döyüşdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
"Son damla qanıma kimi döyüşməyə söz vermişəm. Evə qələbə ilə dönməliyik", – deyə şəhid mayor doğmalarına göndərdiyi səsli mesajlardan birində bildirib.