Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Qəhrəmanları tanıyaq” başlığı altında tədbir baş tutub. Bu haqda bu gün, 10 fevral tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Tədbir zamanı Bədəlan kənd orta məktəbində qazilərlə şagirdlərin görüşü təşkil edilib. Vətən müharibəsində şücaət göstərən qəhrəmanların tanıdılması məqsədilə keçirilən tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntirə Tağıyeva keçirilən tədbirin məqsədindən, şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışaraq əldə olunan uğurları Prezident-xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.
Sonra məktəbin direktoru Arif Mehtiyev, direktor müavini Məhbubə Şahbazova ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu və şagirdlərin təlim və tərbiyəsi, vətənpərvərlik ruhunda yetişmələri üçün xüsusi rol oynaya biləcək bu cür tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.