Sumqayıtın Corat qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin Lerik rayonundan olduğu məlum olub.
Hadisə fərdi yaşayış evlərindən birində baş verib. 33 yaşlı Əsgər Hüseynov 3 il əvvəl ailə qurduğu 31 yaşlı həyat yoldaşı Şəhanə İmanovanı kəsici alətlə qətlə yetirib.
Hadisənin şahidi olan qonşulardan birinin sözlərinə görə, 15 yaşlı oğlan kömək üçün qonşulara müraciət edib. Qonşu evə yaxınlaşdıqda qadının qapının qarşısında başının kəsildiyini görüb.
Məlumata görə, 1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov Vətən müharibəsi iştirakçısı və qazisidir. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində döyüşlərdə iştirak edib.
Hüseynov Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlər zamanı üç yerdən yaralanıb. Onun daha əvvəl verdiyi müsahibələrdə döyüş zamanı ağır yaralandığını və uzun müddət ölüm təhlükəsi ilə üz-üzə qaldığını danışdığı bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam etdirilir.
Mənbə: musavat