Lənkəranda payız fəslində meyvə verən, görünüşü və dadı ilə təəccübləndirən qeyri-adi ağac diqqət çəkib.
Cenublu.az xəbər verir ki, maraqlı ağac Lənkəran rayonunun Ləj kəndində Ramiz Cəfərovun təsərrüfatında yetişir. Görünüşcə yabanı xurmanı xatırladan ağacın meyvələri çiyələyə bənzəsə də, dadı tut dadını verir.
Təsərrüfat sahibi bildirib ki, ağacı 3-4 il əvvəl qohumunun həyətində görüb. Meyvəsinin dadına baxdıqdan sonra bəyənərək tingini gətirib öz həyətində əkib. İlk dəfə ötən il meyvə versə də, məhsul yetişməyib. Bu il isə ağac bol meyvə gətirib.
Ramiz Cəfərovun sözlərinə görə, ağacın ən maraqlı xüsusiyyətlərindən biri də payız fəslində bar verməsidir. O, bu dövrdə əsasən heyva, qaragilə və sitrus meyvələrinin yetişdiyini, çiyələk və digər həssas meyvələrin isə mövsümünün başa çatdığını qeyd edib.
Ağaca qulluq isə tut ağacına qulluqdan ciddi şəkildə fərqlənmir. Təsərrüfat sahibi bildirir ki, bitki kök saldıqdan sonra xüsusi qayğıya çox ehtiyac duymur.
Hazırda meyvəvermə başa çatdıqdan sonra ağacın budanması, ətrafında əmələ gələn pöhrələrin isə çoxaldılaraq digər ərazilərdə əkilməsi planlaşdırılır.