Lənkəran şəhərində, Liman və rayonun bir sıra yaşayış məntəqələrində abadlıq, yenidənqurma və yaşıllaşdırma tədbirləri həyata keçirilir. Küçələr asfaltlanır, parklar və binalar yenilənir, tarixi abidələrdə təmir-bərpa işləri aparılır.
Şəhərdə aparılan abadlıq tədbirləri çərçivəsində Əfqanıstan Veteranları Parkında yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Heydər Əliyev prospektində, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov, Şirəli Axundov, Koroğlu və Fikrət Məmmədov küçələrində, eləcə də Həzi Aslanov, Xocalı və Əsgər Əliyev adına "Dostluq" parklarında abadlıq işləri aparılır.
Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi və Şəhidlər xiyabanı ərazisində də işlər davam etdirilir. Parklarda tamet örtükləri yenilənir, çoxmənzilli binaların fasadları təmir olunur, hasarlar bərpa edilərək rənglənir, piyada səkilərinə yeni örtük döşənir.
Bununla yanaşı, şəhərin tarixi-mədəni irs nümunələrindən olan Dairəvi qalada təmir-bərpa işləri aparılır. Abidənin qorunması və görünüşünün yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
Lənkəran şəhərinin kanalizasiya sisteminin yenilənməsinə də başlanılıb. Hazırda Hənifə Abdullayev küçəsində layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir.
Cari ilin infrastruktur layihələri çərçivəsində əsaslı təmiri və asfaltlanması nəzərdə tutulan küçələrdən 15-də işlər həyata keçirilib. Daha 33 küçədə analoji abadlıq və bərpa işlərinin aparılması planlaşdırılır.
Eyni zamanda, yeddi çoxmənzilli binanın girişlərinin daxili hissələrinin və məhəccərlərinin rənglənməsi başa çatdırılıb, hazırda həmin binaların fasadlarında rəngləmə işləri aparılır.
Bundan əlavə Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Liman şəhərində, Haftoni qəsəbəsində və Sütəmurdov kəndində, ümumilikdə 1800 şam, 700 sərv, 100 tuya və 500 müxtəlif növ ağac əkilib və rayonda yerləşən 70 tarix və memarlıq abidəsi haqqında məlumatlar da rəqəmsallaşdırılıb.