Lənkəran RİH-nin başçısının müavini Rəsilə Əliyeva və 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın həmin məktəbin şagirdini döymələri iddiası barədə araşdırmalara başlanıb. Bu haqda məlumatı Cenublu.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 18 iyul tarixində verir.
Araşdırma zamanı müəyyən edilib ki, Rəsilə Əliyeva 14 iyul 2022-ci il tarixində, saat 09:00 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib.
Bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb, şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
Eyni zamanda, keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Eyni zamanda, icra başçısının müavini Rəsilə Əliyeva və məktəb direktoru Yeganə Əskərova barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.