Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsində əsaslı təmir işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində Report.az-a istinadən verir.
Uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolun eni 12 metrə qədər genişləndirilir.
Artıq hissə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb. Hazırda yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün alt layının döşənməsi işləri yerinə yetirilir.
Layihə üzrə Astaraçay (243 km) və Ərçivançay (234,8 km) çayları üzərindəki körpülərdə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Pensərçay (221,3 km) və Ərçivançay (231,7 km) çayları üzərində mövcud körpülərin təmiri isə davam etdirilir.