Astara rayonunun Düriyyə–Şümrüd avtomobil yolunun əsaslı təmiri bitmək üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 may tarixində verir.
Uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilib, bura 4 metr hərəkət hissəsi və hər biri 2 metr çiyin hissələri daxildir. Artıq yol yatağının yararsız qruntunun çıxarılması, əks-dolğu və zəruri qruntun tökülərək kipləşdirilməsi və yeni suötürücü dəmir-beton boruların quraşdırılması yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində, əsasən, torpaq əsaslı olan yol çınqıl örtüklü olmaqla 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Avtomobil yolunun yenidən qurulmasında məqsəd 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşınmasını asanlaşdırmaqdır.