Cəlilabad rayonunun Xanəgah–Mikayıllı–Türkelli kəndlərini birləşdirən yol keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində Real TV-yə istinadən verir.
2500-dən çox sakinin müntəzəm istifadə etdiyi yol illərdir təmirsiz qalıb. Kəndlilər deyirlər ki, yolu illər əvvəl öz hesablarına qismən istifadəyə yararlı hala salıblar. Yağışlı, qarlı havada bu yolda qəza əskik olmur. Şikayətçilərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara üz tutublar. Lakin heç bir müsbət nəticə əldə edə bilməyiblər.
Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli münasibət bildirib:
“Cəlilabad rayonu ərazisində mühüm yol infrastruktur layihələrinin icrası aparılıb və davam etdirilir. O cümlədən qeyd etdiyiniz Xanəgah–Mikayıllı–Türkelli avtomobil yolunun yenidən qurulması da tərəfimizdən nəzərdə tutulub. Bununla bağlı həmin yolun yenidən qurulması layihəsi Dövlət proqramına daxil edilib və proqram çərçivəsində dövlət vəsaitinin ayrılması gözlənilir. Ayrılan kimi həmin yolun əsaslı şəkildə yenidən qurulması tərəfimizdən icra olunacaq”.