Yeni dərs ilinin başlamasına iki həftə qalır. Tələbə adını qazanan gənclərin sevinci böyük olsa da, onları və valideynlərini düşündürən əsas məsələlərdən biri yaşayış problemidir. Məhz bu səbəbdən universitetlərin tələbə yataqxanaları, onların şəraiti və qiymətləri hazırda ən çox müzakirə olunan mövzulardandır.
Baku.ws Lənkəran Dövlət Universitetinin (LDU) yataqxanalarındakı mövcud vəziyyəti öyrənib.
Belə ki, Lənkəran Dövlət Universitetində 2 tələbə yataqxanası var - qızlar və oğlanlar üçün. Qızlar yataqxanası 160 yerlikdir, 2019-cu ildə inşa olunaraq tələbələrin istifadəsinə verilib. Oğlan tələbələr üçün yataqxana binası 2 il öncə istifadəyə verilib, 250 yerlikdir. Yataqxanaların aylıq ödənişi 60 manatdır.
Oğlanlar və qızlar üçün tələbə yataqxanalarında otaqlar 2-3 nəfərlikdir. Otaqların hər birində ayrıca sanitar qovşaqları var, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, soyuducu - bir sözlə, bütün kommunal xidmətlərlə təmin edilib. Hər iki yataqxanada elektrik generatorunun olması tələbələrin fasiləsiz elektrik enerjisi ilə təminatına imkan verir.
Güzəşt məsələsi ilə bağlı təhsil ocağından bildirilib ki, heç kəsə tələbə yataqxanası ilə bağlı güzəşt nəzərdə tutulmayıb. Çünki təhsil haqlarında bu güzəştlər artıq var.
Yeni yataqxananın tikintisinə gəlincə, ehtiyac olarsa, növbəti illərdə inşa olunacaq. Tələbələr yaxın rayonlardan olduğu üçün əksəriyyəti evlərində qalırlar.