Lənkəran rayonunda bir ailənin 10-cu övladı dünyaya gəlib.
Cenublu.az-ın məlumatına görə, rayonun Sinovli kənd sakinləri, 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov ailəsində sevincli anlar yaşanıb. 26 ildir ailə həyatı quran cütlüyün 10-cu övladı yeni təqvim ilinin ilk dəqiqələrində – saat 0o:01-də dünyaya göz açıb.
Valideynlərin sözlərinə görə, sonuncu övlad ailəyə ikiqat sevinc bəxş edib. Ata Niyazi Həbibov bildirib ki, 10 övladı və 8 nəvəsi var. O, uşaqların tərbiyəsi ilə əsasən analarının məşğul olduğunu, özü isə axşamlar evə qayıtdıqdan sonra onlarla söhbətləşib dərsləri ilə maraqlandığını deyib. Onun sözlərinə görə, oğlan övladlarından biri fizika müəllimi, digəri isə polis olmaq istəyir.
Ana Samirə Mehrəliyeva isə uşaqların təhsili və tərbiyəsinin ailə üçün prioritet olduğunu vurğulayıb. O bildirib ki, 7 qız, 3 oğlan övladı var və sonuncu doğulan oğluna Murad adı verilib. “Övladlarımla fəxr edirəm. Çoxuşaqlı ailə olmaq pis deyil. Əsas odur ki, uşaqlar savadlı və tərbiyəli böyüsünlər”, – deyə Samirə xanım qeyd edib.
O, həmçinin yeni ailə həyatı quranlara müraciət edərək çoxuşaqlı olmaqdan çəkinməməyi tövsiyə edib və dövlətin uşaqlara göstərdiyi qayğıya görə razılığını ifadə edib.
Qeyd edək ki, ailənin 7 qız, 3 oğlan övladından 5 qızı artıq ailə həyatı qurub. Ailə üzvləri yarı zarafat, yarı ciddi şəkildə imkan olsa, yenidən uşaq dünyaya gətirə biləcəklərini bildiriblər.