Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvin Əkbərova bu il qəbul imtahanlarında şagirdlərinin yüksək nəticələri ilə fərqlənib.
“Azərbaycan müəllimi” qəzeti xəbər verir ki, 14 ildir doğma rayonunda müəllimlik edən Pərvin müəllimin yetirmələrindən biri buraxılış imtahanında 100 bal, ondan çoxu isə 90+ bal toplayıb.
Müəllim bildirir ki, bu uğur sistemli tədris, fərdi yanaşma, davamlı məşğələlər və valideyn-müəllim-şagird əməkdaşlığının nəticəsidir. Onun yaratdığı təlim mühitində debatlar, esselər, təqdimatlar, həvəsləndirici metodlar və şifahi nitqin inkişafına yönəlmiş fəaliyyətlər əsas yer tutur.
Pərvin Əkbərova deyir: “Heç bir çətinlik bizim səviyyəli dərs keçməyimizə mane ola bilməz. Kənd məktəbi də yüksək nəticələr göstərə bilər, əsas məsuliyyət və əzmkarlıqdır”.