Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.
AZƏRTAC-ın əməkdaşları festivalın iştirakçılarından olan “Xəzinə Lənkəran” komandasının üzvləri ilə söhbətləşiblər.
Lənkəran rayonunun Hirkan qəsəbəsi tam orta məktəbinin şagirdləri Zəhra Baxşıyeva və Rəsul Əliyev builki festivalda “Suüstü tədqiqat şəhəri” adlı layihə ilə iştirak edirlər. İki aya yaxın müddətdə hazırladıqları bu layihənin məqsədi həm suya atılan tullantıları təmizləmək, həm də alimlərin suda daha rahat tədqiqat aparmasını təmin etməkdir.
Zəhra və Rəsul bildirirlər ki, konsept tamamilə onların birgə ideyasıdır və gələcəkdə bu modeli daha da inkişaf etdirməyi planlaşdırırlar: “Layihəni ikimiz birgə hazırladıq. Növbəti illərdə də STEAM-də iştirak etmək istəyirik. Bu layihəni davam etdirib daha mükəmməl bir versiya yaratmağı düşünürük”.
Zəhra əlavə edir ki, əvvəllər də evdə leqolardan müxtəlif fiqurlar hazırlayıb. Komanda yoldaşı ilə STEAM dərslərində də fəal iştirak edirlər.
Qeyd edək ki, festival robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edən kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onların 202-si xarici ölkələri təmsil edir. Ümumilikdə festivalda 22 ölkə iştirak edir.
STEAM tədris modeli elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ şəkildə tədrisinə əsaslanır.