Astara rayonunun Alaşa kəndində doğulan və Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin məzunu olan Zərifə Nəhmətzadə Heydər Əliyev adına Hərbi İnstitutun ilk qadın kursantı olub.
Buraxılış imtahanından 203, qəbul imtahanından 247 bal toplayaraq ümumilikdə 450 balla bu uğura imza atan Zərifə hərbi peşəyə atasından – polis orqanlarında xidmət edən Eldəniz Nəhmətzadədən ilham aldığını deyir.
O bildirir ki, Cənub bölgəsində qızların hərbiyə marağı az olsa da, bu addımı ilə gələcəkdə digər qızlara da yol açmaq niyyətindədir:
“Qızların hərbi sahədə yeri yoxdur” kimi sözlərə fikir verməmək lazımdır. İstəyən hər kəs çətinlikləri aşaraq bu şərəfli peşəyə sahib ola bilər.”
Zərifə gələcəkdə yüksək rütbələr qazanaraq vətənə layiq xidmət göstərməyi qarşısına məqsəd qoyub.