Lerikin Çayrud kəndində doğulan Balanaz Kəlbiyeva rayonun ilk qadın alimi olub. O, həyatını uşaqların sağlamlığına və elmə həsr edib.
Balanaz Məmməd qızı Kəlbiyeva 1945-ci ildə qulluqçu ailəsində dünyaya gəlib. 1953-cü ildə Çayrud kənd orta məktəbində təhsilə başlayıb, 1963-cü ildə həmin məktəbi bitirib.
1964-cü ildə N.Nərimanov adına Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra elmi fəaliyyətlə məşğul olmaq üçün institutda saxlanılıb.
İnstitutun 5 nömrəli uşaq xəstəxanasındakı pediatriya kafedrasında assistent vəzifəsinə təyin edilib. İlk elmi rəhbəri Adilə Namazova olub. İşləməklə yanaşı, namizədlik dissertasiyası üzərində çalışıb, tibb sahəsində çoxsaylı elmi məqalələr yazıb.
1992-ci ildə dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. Lakin həmin il həyatı faciəli şəkildə yarımçıq qalıb. Balanaz Kəlbiyeva 1992-ci il mayın 9-da öz evində 4 yaşlı qızı ilə birlikdə qətlə yetirilib.