Qış mövsümünə hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, eləcə də Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, təhsil və səhiyyə müəssisələrinin odun yanacağına olan tələbatının ödənilməsi üçün ölkə üzrə meşə ərazilərində əvvəlcədən müəyyən edilmiş xüsusi sahələrdə odun tədarükü işləri aparılır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara uyğun aparılır. Tədarük bioloji inkişafdan qalmış, kök üstündə qurumuş, eləcə də yıxılmış və yanğın təhlükəsi yarada biləcək quru ağaclar hesabına həyata keçirilir.
"Əhalinin odun yanacağına olan tələbatının ödənilməsi məqsədilə qazlaşdırılmamış yaşayış məntəqələrinə yaxın meşə dolaylarında xüsusi tədarük sahələri müəyyənləşdirilir və tədarük olunan odun dəyəri ödənilməklə təqdim olunur.
Odun tədarükü məqsədilə ayrılmış qırma sahələrinin siyahısı ilə (https://www.eco.gov.az/index.php?ln=az&pg=905) linkə keçid edərək tanış olmaq mümkündür.
Qeyd edək ki, qazlaşdırılmayan yaşayış məntəqələrinin sakinləri odun əldə etmək üçün yaşadıqları ərazi üzrə Regional Meşə Təsərrüfatı mərkəzlərinə müraciət etməlidirlər.
Mənbə: AZERTAC