Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Heydər Əliyev adına xatirə parkının ərazisində “Sağlam həyat və Sağlam ailə günü” tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyul tarixində Respublika Olimpiya Mərkəzinə istinadən verir.
Tədbirdə musiqi sədaları altında ağır atletika, boks, taekvondo, futbol, voleybol, badminton, topatma, uzunluğa tullanma, nişangaha topatma, maneələrin topla keçilməsi, kəndir dartma kimi müxtəlif idman növlərinin və əyləncəli idman oyunlarının nümayişi həyata keçirilib. Tədbirdə peşəkar idmançılarla yanaşı, həm də müxtəlif yaş qruplarından olan 100-dən çox rayon sakinləri və ailələr də iştirak ediblər. İştirakçılara xüsusi sertifikat təqdim olunub.
Qeyd edək ki, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi uşaq və gənclər arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təbliğ olunması idi.