Yardımlıda Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirə çayxanada qanlı davaya çevrilib.
Hadisə zamanı çayxana sahibi, 1979-cu il təvəllüdlü İlqar İmanzadə müştərilərdən birini bıçaqlayıb.
Məlumata görə, üç nəfər çayxanada Rusiya-Ukrayna müharibəsini müzakirə edərkən aralarında mübahisə yaranıb.
10 il Ukraynada yaşadığını bildirən İlqar İmanzadə söhbətin onlara aid olmadığını deyərək müştərilərdən çayxanada siyasət və müharibədən danışmamağı istəyib.
Müştərilərdən biri ilə mübahisəsi daha da böyüyən çayxana sahibi əvvəlcə onlara çay verməkdən imtina edib, daha sonra limon doğradığı bıçaqla Kərim Hüseynzadəyə üç zərbə endirib.
Hadisədən sonra tərəflər barışıb, zərərçəkənin müalicə xərcləri qarşılanıb və o, şikayətçi olmayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar İmanzadə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, cəzası 4 il olmaqla şərti hesab edilib.
Mənbə: xitab24.аz