Lənkəran şəhərinin əsas küçələrindən biri olan Axund Mirzə Məhəmmədhüseyn küçəsində antisanitar vəziyyət yaranıb. Küçə boyunca səpələnən məişət tullantıları həm sakinlərin, həm də ərazidən keçənlərin narazılığına səbəb olub.
Vətəndaşların Cenublu.az -a verdiyi məlumata görə, artıq iki gündən çoxdur ki, ərazidəki zibil tullantıları yığışdırılmır. Nəticədə sahibsiz itlər zibil torbalarını dağıdaraq tullantıları küçəyə səpələyib. Bu isə ərazidə kəskin üfunətin yaranmasına səbəb olub.
Diqqət çəkən digər məqam isə küçə boyunca zibil qutularının olmamasıdır. Çəkiliş zamanı ərazidə bir dənə də olsun tullantı qabına rast gəlinməyib. Halbuki küçədə piyadaların və avtomobillərin hərəkəti kifayət qədər intensivdir.
Şikayətçilər tullantıların vaxtında təmizlənməsini və küçədə zibil qutularının yerləşdirilməsini istəyirlər.
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb.