UFC-də çıxış edən azərbaycanlı döyüşçü Tahir Abdullayev növbəti sınağına hazırlaşır. O, noyabrın 21-də Dohada keçiriləcək UFC Qatar turnirində avstraliyalı Ceyk Mettyusla qarşılaşacaq. Rəqibinin UFC-də 16 qələbəsi və səkkiz məğlubiyyəti var.
Abdullayev müsahibəsində qarşıdakı döyüşə hazırlığından, rəqibinin xüsusiyyətlərindən, Bakıdakı debütündən, azarkeş dəstəyindən və gələcək hədəflərindən danışıb.
Bu il UFC ilə müqavilə imzalayan azərbaycanlı döyüşçü iyunun 27-də Bakıda keçirilən "UFC Fight Night" turnirində braziliyalı Cefferson Nasimentonu üçüncü raundda nokautla məğlub edərək təşkilatda ilk qələbəsini qazanıb.
Müsahibəni təqdim edirik.
– Bakıdakı debüt qələbənizdən sonra Dohaya hansı əhval-ruhiyyə ilə yollanırsınız?
– Bakıdakı qələbədən sonra əhval-ruhiyyəm yüksəkdir. Dohaya da eyni məqsədlə - qələbə qazanmaq üçün yollanırıq.
– Ceyk Mettyus UFC-də böyük təcrübəyə malik döyüşçüdür. Onun döyüş üslubunda sizi ən çox düşündürən məqamlar hansılardır?
– Ceyk Mettyus mənim ən çox bəyəndiyim döyüşçülərdən biridir. Ayaqüstü döyüşməyi, rəqiblə açıq mübarizəyə girməyi sevir. Mən də belə döyüşləri xoşlayıram. Onun üslubu mənə uyğundur. Çalışacağıq ki, qələbə qazanaq. İnşallah, buna nail olacağıq.
– Bu döyüşə necə hazırlaşmısınız? Hazırlıq prosesində əvvəlki döyüşlə müqayisədə nələri dəyişmisiniz?
– Demək olar ki, heç nəyi dəyişməmişəm. Bütün döyüşlərimə eyni sistem üzrə hazırlaşıram. Təbii ki, hər rəqibə uyğun olaraq müəyyən fəndlər üzərində işləyirik. Bundan başqa, xüsusi dəyişiklik yoxdur.
– UFC-dəki debüt döyüşünüzdən hansı nəticələri və dərsləri çıxardınız?
– UFC-dəki debütümdən çıxardığım xüsusi bir dərs yoxdur. Mənim kifayət qədər böyük təcrübəm var. UFC-də döyüşməmişdən əvvəl də bu təşkilatdan kənarda çoxsaylı qarşılaşmalarda iştirak etmişəm. Sadəcə, UFC-də də döyüşmək imkanı qazandıq. Orada çıxış edən döyüşçülər bizdən nə üstün, nə də zəifdirlər. Hamımız eyni çəkidəyik.
– Bakıdakı döyüşdə azarkeşlərin böyük dəstəyini hiss etdiniz. Dohada da eyni dəstəyi gözləyirsinizmi?
– Doha müsəlman ölkəsidir. İnanıram ki, orada da azarkeşlər mənə böyük dəstək göstərəcəklər.
– Dohada qələbə qazanacağınız təqdirdə UFC-də növbəti hədəfiniz nə olacaq?
– Növbəti hədəfimiz qələbə qazanaraq, əzmlə çalışmaq və UFC reytinqinin ilk 15-liyinə yüksəlməkdir.
– UFC reytinqinə düşmək üçün özünüzə konkret vaxt hədəfi qoymusunuzmu?
– Bəli, 2027-ci ilin sonuna qədər reytinqə düşməyi hədəfləmişəm. İnşallah, bu döyüşdən sonra buna nail olacağıq.
– Döyüşdən əvvəl Azərbaycan azarkeşlərinə hansı mesajı çatdırmaq istərdiniz?
– Azərbaycan azarkeşlərindən mənə dəstək olmalarını xahiş edirəm. Xüsusilə "Instagram"da aktiv olsunlar. Onların dəstəyini hiss etmək və yanımda olduqlarını bilmək mənim üçün çox önəmlidir.
Mənbə: idman.biz